“30 gün Şərq” layihəsi çərçivəsində Qaley Allahverdiyev ilə görüş keçirilib
13/03/2021Şərqşünaslıq fakültəsi “30 gün Şərq” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyev ilə görüş keçirib.
13 mart 2021-ci il tarixində Şərqşünaslıq fakültəsi “30 gün Şərq” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyev ilə onlayn görüş keçirib. Görüş Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının birbaşa təşəbbüsü ilə baş tutub. Görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Fakültənin fəxri məzunları ilə görüşləri əhatə edən layihə fakültənin dekanı Elxan Əzizovun açılış nitqi ilə başlayıb. Elxan Əzizov fakültənin təsisindən etibarən məzun olan ilk görkəmli məzunlar, alimlər barədə məlumat vermiş, keçən dövr ərzində fakültədən məzun olmuş və hal-hazırda da böyük diplomatik ranqa malik olan görkəmli məzunları xatırlamışdır. Bu aspektdə söhbəti davam etdirən dekan, layihə çərçivəsində ilk fəxri qonağı – Azərbaycan Respublikasının Malayziyada, duayen rütbəsi daşıyan fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyevi salamlamış və sözü qonaqa vermişdir.
Səfir Qaley Allahverdiyev iştirakçılara öz həyat fəaliyyəti, Şərqşünaslıq fakültəsində oxuduğu illərdən etibarən peşəkar diplomatiya arenasına qədəm qoyana qədər keçdiyi fəaliyyət dövrü barədə geniş məlumat vermişdir. Səfir tələbələrə elmi və diplomatik sahədə uğurunun sirrini əzimli olmaq, daim çalışmaq və inkişafa səylə bağlamış, tələbələrə öz doğma övladları kimi məsləhətlər vermiş, fakültəni böyük hörmət və xatirələr ilə yad etmişdir.
Ərəb filologiyası kafedrasının müdir əvəzi Vüqar Qaradağlı Qaley Allahverdiyevi salamlamış, onun fəaliyyətinin tələbələr üçün nümunə olduğunu bildirmiş, kafedranın görkəmli məzunları ilə görüşlərin tələbələr və fakültə üçün əhəmiyyətli olduğunu vurğulamışdır.
Tələbələrin sualları əsasında səfir, Malayziya, o cümlədən iki ölkə arasında mövcud isti münasibətlər barədə məlumat vermiş, Malayziyanın bir müsəlman ölkəsi kimi ölkəmizlə mədəni bağlılığı barədə söhbət etmişdir.
Tələbələr adından fakültə TGT-nın sədri İmran Sayılov çıxış edərək səfirinin təklifi qəbul edərək görüşə qatılmasını tələbələrə böyük hədiyyə kimi qiymətləndirmiş, uzaq məsafədən olsa da, belə görüşlərinin tələbələr üçün böyük motivasiya və stimul qaynağı olmasını qeyd etmiş, fakültə tələbə kontingentinin salam və təşəkkürünü şəxsən səfirə çatdırmışdır.
Suallar cavablandırıldıqdan sonra görüş yekunlaşdırılmışdır.
