Ərəb filologiyası kafedrasının dosenti Ç.Mütəllimovanın ”Klassik ərəb ədəbiyyatı” adlı dərsliyi işıq üzü görüb
30/10/2019Ərəb filologiyası kafedrasının dosenti Çinarə Tofiq qızı Mütəllimovanın ”Klassik ərəb ədəbiyyatı” adlı dərsliyi işıq üzü görüb (Bakı: Müəllim” nəşriyyatı, 2019. 540 səh.).
Ali məktəblərin bakalavr mərhələsi üçün nəzərdə tutulmuş ərəb ədəbiyyatı üzrə dərslikdə ərəb şifahi xalq ədəbiyyatından başlayaraq İslam, Əməvilər,Abbasilər və Osmanlı dövrləri tam əhatə olunmuşdur. Hər bir dövr şairlərinin həyat və yaradıcılıqları təhlil olunan zaman onların şeirlərindən nümunələr verilmiş, həmin şeirlər isə mənalarına görə tərcümə olunmuşdur. Dərslikdə ənənəvi mövzularla yanaşı, indiyə qədər diqqətdən kənar qalmış mövzular da öz əksini tapmışdır. Kitabdakı tərcümələr müəllifə məxsusdur və başqa müəlliflərin tərcüməsi verilən zaman tərcüməçinin adı qeyd olunmuşdur. Dərslikdən magistrantlar, doktorantlar da faydalana bilər.
Qeyd edək ki, Ç.T.Mütəllimovanın həmin tədris ili ərzində “Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında oxşar süjet və motivlər” və Ərəb ədəbiyyatından mühazirələr” (3 cilddə) adlı monoqrafiyaları da elmi ictimaiyyətin ixtiyarına verilmişdir.
Çinarə Tofiq qızı Mütəllimovanı elmi uğurları münasibəti ilə təbrik edir və gələcək tədqiqatlarında müvəffəqiyyətlər arzulayırıq.
