SULTANOV RƏHİM SULTANMƏMMƏD OĞLU
(1912 – 2000)
Şərqşünas
1912-ci il iyun ayının 20-də Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur. 1921-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Sabunçuda “Təməddün” adlı yediillik, sonra Bakıda “İttihad” adlı doqquzillik farsdilli məktəbləri bitirmişdir. 1931-1934-cü illərdə Neft Məmulatı texnikumunda, 1934-1939-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil almışdır. Fin davasının başlanması ilə əlaqədar 1939-cu ildə ordu sıralarına çağırılmışdır.
İkinci Dünya Müharibəsi illərində Təbrizdə “Vətən Yolunda”, Tehranda “Duste İran” qəzetlərində çalışmışdır. Kuybışevdə Hərbi Tərcüməçilik İnstitutunun fars və türk ixtisası üzrə 6 aylıq kursuna göndərilmişdir. Ordu sıralarından qayıtdıqdan sonra 1947-ci ildə Şərqşünaslıq fakültəsində müəllim təyin edilmiş və qiyabi aspiranturaya daxil olub, tezliklə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1957–1960–cı illər ərzində fakültənin dekanı vəzifəsini tutmuş, 1972–ci ildə professor elmi adını almışdır. R.S.Sultanov 1957–ci ildən 1989-cu ilə qədər Yaxın Şərq dilləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Fars dilinin tarixi, müasir fars dili və onun tədrisi metodikası üzrə 100-dən artıq məqalələrin, ali və orta məktəblər üçün fars dili dərsliklərinin müəllifidir. Elmi və pedaqoji kadrların hazırlanmasında böyük xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına və “Şərəf nişanı” ordeninə layiq görülmüşdür.
Prof.R.S.Sultanov orta əsr farsdilli inciləri yüksək səviyyədə Azərbaycan dilinə tərcümə etmiş və iranşünaslıq sahəsində çoxsaylı alimlər yetişdirmişdir.
