PANTELEYMON KRESTOVİÇ JUZE
(1870-1942)
Şərqşünas
Rusiyada Panteleymon Krestoviç Juze kimi tanınmış, əslən xristian fələstinli ərəb Bəndəli ibn Saliba əl-Cauzi 20 iyul 1870-ci ildə Qüds şəhərində doğulmuşdur. Fələstin Cəmiyyətinin Nazaretdəki ruhani gimnaziyasını bitirdikdən sonra Rusiyaya göndərilmiş, Kazan Ruhani Akademiyasında təhsilini davam etdirmışdir. 1899-cu ildə mötəzili təriqəti haqqında kitab nəşr etdirmiş, ilahiyyat üzrə namizəd dərəcəsi almışdır. Ərəblər üçün rus dili dərsliyinin (1898) və 2 cilddə rusca-ərəbcə lüğətin (1903) müəllifidir. Kazanda Ruhani Akademiyasında ərəb və fransız dillərindən dərs demiş və 1916-cı ildən Kazan Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
P.K.Juze 1920-ci ildə professor vəzifəsini tutmaq üçün Bakı Universitetinə dəvət olunmuş, 1921-ci ildə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüş, 1922-ci ildə açılmış Şərqşünaslıq fakültəsinə dekan, Yaxın Şərq xalqlarının tarixi və etnoqrafiyası kafedrasına müdir təyin edilmişdir.
1926-1937-ci illərdə universitetdə ərəb dili üzrə professor vəzifəsində çalışmış, sonra EA Tarix İnstitutunda işləmişdir.
Azərbaycan tarixi ilə bağlı məqalələr yazmış və orta əsr ərəb mənbələrindən tərcümələr etmişdir.
