Homeaz | en | ru

Məmmədov Ələsgər Cəfər oğlu

(1919-2000)

Şərqşünas

 

1919-cu ildə anadan olmuşdur. Yeddiillik məktəbi bitirdikdən sonra N.Nərimanov adına Sənaye Texnikumunda (1933-1937), Azərbaycan Pedaqoji İnstitutu Xarici dillər fakültəsinin alman şöbəsində (1937-1841) və Moskva Hərbi Xarici Dillər İnstitutunun ərəb şöbəsində (1941-1944) təhsil almışdır. 1945-1947-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində Yaxın Şərq Ölkələri şöbəsinin böyük referenti vəzifəsində çalışmışdır. 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevralınadək Nürnberqdə Beynəlxalq Hərbi Tribunalda alman dili tərcüməçisi kimi iştirak etmişdir. 1947-ci ildə ADU-da ərəb dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 1953-cü ildə elmlər namizədi dərəcəsi, 1967-ci ildə professor elmi adı almışdır. Uzun müddət professor vəzifəsində çalışdıqdan sonra 1994-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1957-1989-cu illərdə Şərqşünaslıq fakültəsi Ərəb dili kafedrasının müdiri vəzifəsində çalışmışdır.

XX əsrdə Azərbaycanda ərəbşünaslığın yenidən formalaşmasının banisi sayılır. Orta və ali məktəblər üçün Azərbaycan və rus dillərində 30-dan çox “Ərəb dili” dərsliyi və dərs vəsaitləri yazmışdır. Onun kitablarından Dağıstan, Özbəkistan, Tacikistan və başqa yerlərdə istifadə olunmuşdur.

20-yə yaxın elmi məqaləsi ərəb dilində sadə cümlələr mövzusu üzrədir. 3 elmlər namizədi hazırlamışdır. Fədakar əməyinə və təhsildə xidmətlərinə görə bir sıra medallarla təltif edilmiş, 1992-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Bookmark and Share