Məmmədəliyev Vasim Məmmədəli oğlu
(1942)
Şərqşünas
27 avqust 1942-ci ildə doğulmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirərək, həmin il Tbilisi Dövlət Universitetinin Sami dillər ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1978-ci ildə professor elmi adı almışdır.
2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir. 1968-ci ildən Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasında müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1981-1991-ci illərdə Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun prorektoru olmuşdur. 1991-ci ildən indiyədək Ərəb filologiyası kafedrasının müdiri, 1993-cü ildən isə İlahiyyat fakültəsinin dekanı vəzifələrini tutur.
Azərbaycanın (1992) və Dağıstanın (2003) Əməkdar elm xadimidir.
İraq Elmlər Akademiyasının (1989), Suriya Quran Elmləri və Ərəb filologiyası Akademiyasının (1995), Misir Ərəb dili Akademiyasının (2003) üzvü, İslam Əməkdaşlıq Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın təmsilçisi seçilmişdir.
Elm və təhsildə göstərdiyi xidmətlərə görə “Şöhrət” (2002) və “Şərəf” (2009) ordenlərinə layiq görülmüşdür. 2012-ci ildə ona Prezident təqaüdü verilmişdir.
Elmi fəaliyyəti əsasən ərəb dilçiliyinin nəzəri məsələləri ilə bağlıdır. 450-dən çox elmi və publisistik məqalənin, 20 kitabın müəllifidir.
Akademik Ziya Bünyadovla birlikdə “Qurani-kərim”i tərcümə etmiş, bu tərcümənin 9 nəşri işıq üzü görmüşdür.
1991-ci ildən indiyədək Azərbaycan Dövlət Televiziyasında “Haqqın dərgahı” verilişinin aparıcısıdır.
Onun yetişdirdiyi 53 elmlər namizədi və filologiya üzrə fəlsəfə doktoru, 4 elmlər doktoru arasında azərbaycanlılarla yanaşı, Türkiyə, İran və ərəb ölkələrinin vətəndaşları da vardır. Azərbaycan Respublikası Prezidenti Yanında AAK Rəyasət Heyətinin üzvü, Qafqaz Müsəlmanları İdarəsi Emi-Dini Şurasının, İlahiyyat fakültəsi Elmi Şurasının sədri, Bakı Dövlət Universiteti və Şərqşünaslıq fakültəsi Elmi Şuralarının üzvüdür.
