MAHMUDOV MALİK RÜSTƏM OĞLU
(1938-1991)
Şərqşünas
4 noyabr 1938-ci ildə doğulmuşdur. 1957-ci ildə ADU Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuş, 1961-1962-ci illərdə Bağdad Universitetində təcrübə keçmiş və 1962-ci ildə ali məktəbi bitirmişdir. Həmin ildən Azərbaycan EA-nın Yaxın Şərq xalqları İnstitutunda (indiki akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda) elmi işçi, baş elmi işçi və Ərəb filologiyası şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1969-cu ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1978-ci ildə professor elmi adı almışdır. 1972-ci ildən Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətə başlamış, 1989-cu ildən ömrünün sonunadək Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmişdir.
Ədəbiyyatşünaslığımızda ilk dəfə VII-IX əsrlərdə yaşamış ərəbdilli azərbaycanlı ədib və şairlərin həyat və yaradıcılığını hərtərəfli araşdırmış, ərəb ədəbiyyatının orta əsrlər dövrünün müxtəlif sahələri üzrə tədqiqat işləri aparmışdır.
3 monoqrafiya, 1 dərslik və 40-dan çox elmi məqalənin müəllifi, “Klassik Azərbaycan ədəbiyyatı” toplusunun və “Azərbaycan Sovet Ensiklopediyası”nın həmmüəlliflərindən biridir. Bəzi əsərləri Rusiya, Türkiyə və İranda dərc edilmişdir. Rəhbərliyi ilə 4 elmlər namizədi və 1 elmlər doktoru hazırlanmışdır.
