ƏLİZADƏ MƏMMƏD MÜBARİZ ƏLİ OĞLU
(1911-1994)
Şərqşünas
23 dekabr 1911-ci ildə İranın Xamnə şəhərində anadan olmuşdur. İlk təhsilini Xamnədə almışdır. 1928-ci ildə Naxçıvana keçmiş, Tiflis şəhərində Zaqafqaziya Kommunist Universitetinin Siyasi fakültəsini bitirmişdir. Bir müddət Tiflis və İrəvan şəhərlərində işlədikdən sonra Bakıya gəlmiş, 1937-ci ildə APİ-də aspirant olmuş və həmin ali məktəbdə müəllim kimi çalışmışdır. Eyni zamanda SSRİ EA Azərbaycan filialının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda işləmişdir.
1944-cü ildə Azərbaycan Dövlət Universitetində işə girmiş, 1962-1964-cü illərdə Şərqşünaslıq fakültəsinin dekanı, uzun müddət Yaxın və Orta Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri olmuş, Şərqşünaslıq fakültəsində mövcud olan fars, ərəb, türk şöbələrində həmin ölkələrin ədəbiyyat tarixini tədris edən kadrların, dərs proqramlarının, vəsaitlərin hazırlanmasını istiqamətləndirmişdir. 1944-1994-cü illər ərzində Azərbaycanda şərqşünasların, xüsusilə iranşünasların yetişməsində mühüm rol oynamışdır. Fars ədəbiyyatına aid 200-dək kitab və elmi məqalənin müəllifidir. BDU Böyük Elmi Şurası və Şərqşünaslıq fakültəsi Elmi Şurasının üzvü olmuş, rəhbərliyi altında 9 elmlər namizədi və 1 elmlər doktoru hazırlanmışdır.
1947-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1970-ci ildə professor, 1980-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Əmək fəaliyyətinə görə medallarla təltif edilmişdir.
SSRİ EA Şərqşünaslıq İnstitutu nəzdində Şərq ədəbiyyatı üzrə Koordinasiya Şurası Mərkəzi Komitəsinin üzvü, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin ali filoloji təhsil üzrə Elmi-metodiki Şurasının üzvü, 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. Elmi-pedaqoji fəaliyyətlə yanaşı mahir tərcüməçi kimi klassik Azərbaycan və fars ədəbiyyatından Azərbaycan dilinə mənzum tərcümələr etmişdir.
