KAZIMOV MEHDİ DAVUD OĞLU
(1954)
Şərqşünas
18 avqust 1954-cü ildə doğulmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra 1976-1977-ci illərdə İranda mütərcim kimi çalışmışdır. 1977-ci ildən Azərbaycan Elmlər Akademiyasında əvvəlcə ictimai elmlər üzrə Elmi İnformasiya mərkəzində, sonralar AEA-nın Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərmişdir. Kiçik elmi işçi, elmi katib, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1981-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1994-cü ildən professordur. 1988-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. Hazırda Şərqşünaslıq fakültəsində İran filologiyası kafedrasının müdiridir.
Farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq sahələrində tanınmış və aparıcı mütəxəssislərdəndir. Orta əsrlər yaradıcılıq üslubunun, normativlik və yaradıcılıq fərdiyyəti nisbətinin, Şərq ədəbiyyatlarının janr sisteminin, poetikanın fundamental problemlərinin araşdırılmasında xidmətləri təqdirəlayiqdir. İran, Azərbaycan, Hindistan, Əfqanıstan və başqa ölkələrin şair və mütəfəkkirlərinin yaradıcılığı ilə məşğuldur.
“Tərəqqi” medalı ilə təltif olunmuşdur. O, həmçinin AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Mənbəşünaslıq şöbəsinin müdiridir. 11 kitabın,117 elmi məqalənin müəllifidir. Rəhbərliyi ilə 5 elmlər namizədi hazırlanmışdır.
