HATƏMİ NEYYERZAMAN MEHDİQULU QIZI
(1916 – 2000)
Şərqşünas
1916-cı ildə İranda doğulmuşdur. 1936-cı ildə Tehran Universitetinin Pedaqogika fakültəsinə daxil olmuşdur. Bu fakültəni uğurla bitirdikdən sonra Tehran Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1946-cı ildən Azərbaycan Dövlət Universitetində çalışmışdır. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1970-ci ildə professor elmi adı almışdır. İran filologiyası kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. Bu illər ərzində fars təmayüllü məktəblərin I-XI sinifləri, digər orta məktəblərin V–XI sinifləri üçün bir çox dərsliklər yazmışdır. Fars danışıq dili və Tehran dialektinə həsr olunmuş əsərləri Azərbaycan şərqşünaslığında yüksək qiymətləndirilir. 1999-cu ildə Tehranda nəşr olunmuş 60 min sözü əhatə edən ikicildlik “Farsca-Azərbaycanca sözlük” əsəri İran dilçiliyi sahəsində əldə edilmiş nailiyyətlərdəndir. Ali məktəb tələbələri üçün I, II və III kurs “Fars dili” dərsliklərinin müəllifidir.
Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Rəhbərliyi ilə 4 elmlər namizədi, 1 elmlər doktoru hazırlanmışdır.
