12/09/2020- ci il tarixində Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Aydın oğlu Qaradağlının İtaliyada işıq üzü görmüş məqaləsini oxuyan İngiltərənin ən nüfuzlu jurnallarından biri - “London Journals Press”-in redaksiya heyətinin üzvləri Vüqar müəllimi bu jurnala fəxri üzv seçmək qərarını veriblər. Bu barədə dosent V.Qaradağlıya jurnalın baş redaktoru Dr E. Sadovska tərəfindən rəsmi məktub göndərilib.Respublikamızın şərqşünaslarının səsinin yüksək reytinqli jurnallardan eşidilməsi qürurvericidir. Bu münasibətlə Vüqar müəllimi ürəkdən təbrik edir, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq. Məktubun Azərbaycan və ingilis dillərindəki mətni, habelə məqalə ilə aşağıdakı linklərə daxil olmaqla tanış olmaq olar.
25/08/2020 ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının urdu dili müəllimi Eldost İbrahimov Hindistanda fəaliyyət göstərən "Urdu dilinin İnkişafı üzrə Milli Şura" (Urdu Council) və Hindistan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan "Elektronika və sosial media əsrində urdu dili mütəxəsislərinin vəzifələri" mövzusunda beynəlxalq vebinarda iştirak edib. Danimarka, Almaniya, Kanada, Hindistan, Pakistan, Banqladeş və Misirdən olan alimlərinin iştirak etdiyi konfransda Azərbaycan Bakı Dövlət Universiteti ilə təmsil olunub. Hindistanın Təhsil naziri Ramesh Pokriyalın da iştirak etdiyi vebinarda "Qloballaşma dövrü və virtual məkanda urdu dilinin problemləri və həll yolları" adlı məruzə ilə çıxış edən Eldost İbrahimov vebinar iştirakçılarına müasir dövrdə urdu dilinin inkişaf istiqamətlərindən və bu dilin təbliği üçün Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində yetişdirilən mütəxəssislərin fəaliyyəti barəsində ətraflı məlumat verib.
Azərbaycanda urdu dilinin tədrisini yüksək qiymətləndirən konfrans iştirakçıları təmsil etdikləri ali məktəblərin urdu dili şöbələri ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin urdu dili şöbəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.Vebinar urdu dilinin müasir texnika erasında inkişaf yolları, problemlər və həll yolları kimi məsələlər ətrafında müzakirələrin aparılması ilə yekunlaşıb.
25/10/2018 tarixində Bakı Dövlət Universitetinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, BDU nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Oqtay Cəlilbəyli və BDU nəzdindəki Konfutsi İnstitutunun Çin Xalq Respublikası tərəfindən direktoru, xanım Luo Xiaozhi Anhui Universitetində işgüzar səfərdə olubar. Səfər zamanı nümayəndə heyəti Anhui Universitetinin 90 illik yubiley tədbirlərində iştirak edərək, BDU-nun rektoru, akademik Abel Məhərrəmov və universitet kollektivi adından Anhui Universitetini təbrik edib, onlara təhsildə, elmdə yüksək nəticələr əldə etməyi arzulayıblar. Səfər zamanı professor Oqtay Cəlilbəyli Anhui Universitetində Azərbaycan Tədqiqatları Mərkəzinin yaradılması ilə əlaqədar Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri ilə danışıqlar apararaq, müqavələnin şərtlərini müzakirə ediblər. Cari ilin oktyabr ayında BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Anhui Universitetinə səfəri zamanı Azərbaycan Tədqiqatları Mərkəzinin açılışı planlaşdırılıb.
20/09/2018 tarixində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dr.Fadhil Avad Cebur al-Şuvai ilə görüşüb. Rektor qonağı salamlayaraq ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində əməkdaşlıqdan danışıb. Bakı Dövlət Universitetində təhsilin Azərbaycan, ingilis və rus dillərində aparıldığını deyən akademik Abel Məhərrəmov beynəlxalq əlaqələrin genişləndiyini nəzərə çatdıraraq İraqın ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib.Səfir Dr.Fadhil Avad Cebur al-Şuvai, öz növbəsində, səmimi qarşılanmaya görə təşəkkür edib, universitetlə tanışlığın onda xoş təəssürat yaratdığını nəzərə çatdırıb. O, hazırda Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan iraqlı tələbələrin sayının daha da artacağına ümidvar olduğunu vurğulayıb. Görüşdə səfirliyin dəstəyilə İraq universitetlərinin nümayəndələrinin BDU-nun 100 illik yubileyində iştiraklarının təşkili, müəllim-tələbə mübadiləsi, birgə yay məktəblərinin keçirilməsi kimi məsələlər müzakirə edilib. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
7/07/2018 tarixində Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov Tehran şəhərində Farsdilli ədəbiyyatın görkəmli nümayəndəsi Bidel Dehləviyə həsr olunmuş konfransda iştirak edib. İranın Bonyad-e Bidel Fondu tərəfindən təşkil olunmuş V beynəlxalq konfransda 18 ölkədən alimlər və mütəxəssislər iştirak ediblər. professor Mehdi Kazımov plenar iclasda “XVI əsr farsdilli ədəbiyyatda üslub dəyişiklikləri” mövzusunda məruzə ilə çıxış edib, eləcə də plenar iclasa sədrlik edib. M.Kazımovun iyulun 6-da konfransın bağlanış mərasimində isə Hind üslubuna həsr olunmuş ikinci məruzə ilə çıxışı maraqla dinlənilib.
İkigünlük konfransda 50-dən çox məruzə dinlənilib. Məruzələr Bidel Dehləvinin yaradıcılığı ilə bağlı fəlsəfi, ədəbi, tarixi, dini və s. mövzulara həsr olunub. Görkəmli alimlər - Əsgər Dadbeh, Əhməd Dəmimdari, Doktor Əbdülməcid Ziyayinin iştirak etdiyi tədbirdə İranın tanınmış şairləri Əbdülcabbar Kakai, Əlirza Qəzve və başqa şairlər öz şeirlərini oxuyublar.
04 iyul 2018-ci il tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri cənab Əsgər Farsi Şərqşünaslıq fakültəsində qonaq olub. Qonaqla kafedra müdiri prof. Mehdi Kazımov başda olmaqla İran filologiyası kafedrasında görüş keçirilib. Görüşdə Şərqşünaslıq fakültəsində fars dili və ədəbiyyatı, İranın mədəniyyət və incəsənət tarixi, İran etnoqrafiyası fənlərinin tədrisi, fars dili və ədəbiyyatı sahəsində aparılan elmi-tədqiqat işləri, dərslik və dərs vəsaitlərinin tərtibi və çapı, müəllim və tələbələrin müvəffəqiyyətləri və s. məsələlər barədə fikir mübadiləsi aparılıb. Gələcəkdə elmi sahədə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin İran filologiyası kafedrası ilə birgə layihələrin həyata keçirilməsi qərara alınıb.
27/11/2017 tarixində Bakı Dövlət Universitetində V Bakı Koreya dili Natiqlik müsabiqəsi keçirilib. Tədbir Azərbaycan və Koreya Respublikalarının dövlət himnlərinin səslənməsi ilə başlanıb. Sonra Bakı Dövlət Universiteti Uzaq Şərq dilləri kafedrasının müdiri, dosent Oktay Cəlilbəyli açılış nitqi söyləyib. Koreya Respublikasnın Azərbaycandakı səfirliyinin müşaviri Tae Jun-Youl çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışıb. Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov fakültədə koreya dilinin tədrisindən və universitetdə fəaliyyət göstərən Koreya Mərkəzi ilə əməkdaşlıqdan bəhs edib. Sonra müsabiqə iştirakçısı olan 13 tələbə öz bacarıqlarını nümayiş etdiriblər. Müsabiqədəki çıxışlar Koreya mədəniyyəti və həmin dildə istifadə olunan çoxmənalı sözlərə həsr edilib. Münsiflər heyəti müsabiqə nəticələrini elan etdikdən sonra qaliblərin təltifedilməsi mərasimi baş tutub. Müsabiqədə 1-ci Gülnar Aslanlı, 2-ci Aygün Məmmədova, 3-cü yeri isə Günel İbrahimli tutub.
20/11/2017 tarixində Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Osman Qeysər Şərqşünaslıq fakültəsində qonaq olub. Fakültə dekanı prof. E.Əzizov səfirlə görüşdə BDU-nun təsis edilməsindən, Şərqşünaslıq fakültəsinin yaranmasından geniş söhbət açıb. O, eyni zamanda “Pakistan” üzrə regionşünas kadrların hazırlanmasından, fakültədə urdu dili, urdu ədəbiyyatı, Pakistan mədəniyyəti və incəsənəti fənlərinin tədrisindən, bu sahələrdə yazılan elmi əsərlərdən danışıb. Öz növbəsində səfir Osman Qeysər urdu dili və ədəbiyyatı dərslərinin keyfiyyətinin artırılması üçün Pakistanlı müəllimlərin fakültəyə dəvət olunması və tədris prosesinə cəlb edilməsi təklifi ilə çıxış edib. Təklifi yüksək qiymətləndirən prof. E.Əzizov Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri D.Qənbərovla artıq bu barədə fikir mübadiləsi aparıldığını və müəyyən razılığın da əldə olunduğunu qonağın diqqətinə çatdırıb. Daha sonra səfir fakültənin “Şərq” oxu zalında “Pakistan” üzrə regionşünaslıq bölümünün tələbələri ilə görüşmüş, müəllim və tələbə heyətinə iki ölkənin qarşılaşdığı çətinliklər, “Dağlıq Qarabağ və Kəşmir problemi” barədə mühazirə oxuyub. O.Qeysərin çıxışı iştirakçıların müxtəlif maraqlı sullarının cavablandırılması ilə yekunlaşıb. Görüşündən böyük məmnunluq və razılıq hissləri ilə ayrılan cənab səfir sonda urdu dili kabinetinin maddi-texniki bazası ilə maraqlanıb. Görüşdə fakültənin tədris işləri üzrə dakan müavini C.N.Məmmədzadə, İran filologiyası kafedrasının müəllimləri E.İ.İbrahimov, A.H.Tağıyeva, A.A.Paşayeva və b. iştirak edib.
06/07/2017 tarixində Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (Türkiyə üzrə)” ixtisasının tələbələri Günel Ağasəfazadə və Sabir Nurməmmədli Türkiyə Cumhuriyyətinin Karabük Universitetinin “Türk dili və ədəbiyyatı”fakültəsində magistratura təhsil səviyyəsi üzrə ali təhsil almaq hüququ qazanıb. Tələbələr bir il Karabük Universitetində, sonra isə Sakarya Universitetində təhsil almışlar. Türkiyəli müəllimlər prof. Ahmet Bican Ercilasun, Prof. Tuncer Gülensoy, Prof. İsmayıl Bizzat və b. fakültəmizin məzunlarının istedad və bacarığından böyük məmnunluq ifadə etmişlər.
05/10/2016 tarixində Bakı Dövlət Universitetində Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbiri açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ölkələrarası əlaqələrdən, o cümlədən Yaponiya universitetləri ilə əməkdaşlıqdan, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyəti çərçivəsində keçirilən görüşlərdən bəhs edib. Prezident İlham Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini deyən Abel Məhərrəmov əlaqələrdə təhsil siyasətinin xüsusi yer tutduğunu vurğulayıb. Rektor 2000-ci ildən BDU-da yapon dili və ədəbiyyatının tədrisindən və məzunların mütəxəssis kimi yüksək hazırlığından danışıb. Nazir Akira Amari, öz növbəsində, BDU-da olmasının önəmini qeyd edərək belə səfərlərin ölkələrarası təhsil-elm əlaqələrinin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Akira Amari sədri olduğu parlamentlərarası qrupun fəaliyyətindən razılığını ifadə edib və əməkdaşlığın davamlı olacağına inandığını söyləyib. Tədbirdə BDU-nun şərqşünaslıq fakültəsinin yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrinin Azərbaycan və Bakı Dövlət Universiteti haqqında hazırladıqları prezentasiya maraqla qarşılanıb. Tələbələrin çoxsaylı suallarını cavablandıran nazir Akira Amari onlarla xatirə fotosu çəkdirib.
05/10/2016 tarixində BDU-nun şərqşünaslıq fakültəsində uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Yapon mədəniyyəti günü keçirilib.
28/09/2016 tarixində Şərqşünaslıq fakultəsinin Çin Regionşünaslığı ixtisası üzrə təhsil alan səkkiz nəfər tələbəsi Çinə göndərilib.
22/09/2016 tarixində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Hu Feng Huanın iştirakı ilə BDU nəzdində Konfutsi İnstitutunun yeni dərs ilinin açılış mərasimi keçirilib.
2015-ci ilin avqust ayında BDU-nun “Gənc alimlər” şurasının üzvü, Şərqşünaslıq fakültəsinin bakalavriatura üzrə dekan müavini Cavanşir Nadir oğlu Məmmədzadə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzinin dəvəti ilə fars dili və ədəbiyyatına dair ixtisasartırma kurslarında iştirak etmək üçün bir qrup ziyalı və tələbələrlə birlikdə Təbriz Universitetinə səfər etmişdir.
03/07/2015 tarixində Misir Mədəniyyət Mərkəzinin Bakı şöbəsinin təşəbbüsü ilə Zahidova Ramidə ( qrup 1428 ərəb şöbəsi), Məmmədova Şəms ( qrup 1428 ərəb şöbəsi) və Əskərova Mələk ( qrup 1414 ərəb şöbəsi) olmaqla Şərqşünaslıq fakültəsinin üç tələbəsinin Misirə səfəri təşkil olunub. Tələbələr Qahirə şəhərində Eyn uş Şəms Universitetində bir aylıq ixtisasartırma kursuna qatılıb.
