EYVAZOV ASLAN QÜDDƏSƏR OĞLU
(1926-2005)
Şərqşünas
1926-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1947-1949-cu illərdə AKP MK-nın nəzdindəki ikiillik partiya məktəbində oxumuşdur. 1942-1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, 1-ci dərəcəli Vətən müharibəsi ordeni və “İgidliyə görə”, “Qafqazın müdafiəsi”, “Almaniya üzərində qələbə”, arxa cəbhədə “Şanlı əməyə görə” medalları ilə təltif olunmuşdur. 1951-1956-cı illlərdə Jdanov adına Leninqrad Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Türk filologiyası şöbəsində təhsil almışdır. 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1969-cu ildə kafedranın dosenti seçilmiş, 1988-ci ildə professor elmi adı almışdır. 1966-cı ildən Azərbaycan Dövlət Universitetinin Türk dili (sonradan Türk filologiyası) kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Türk filologiyası kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.
Elmi fəaliyyəti əsasən türkologiya sahəsi ilə əlaqədardır. O, türk, Azərbaycan və rus dillərində 17 elmi məqalənin, 7 kitab və dərs vəsaitinin, 3 fənn proqramının müəllifidir.
