Son illərdə Şərqşünaslıq fakültəsində respublika səviyyəli bir neçə elmi konfrans keçirilmiş və onların materialları nəşr edilmişdir:
18 dekabr 2019 -cu il tarixində Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
Rektor Elçin Babayev tədbiri giriş sözü ilə açaraq görkəmli ərəbşünas alimin həyatı və fəaliyyətindən danışıb. Bildirib ki, 1933-1937-ci illərdə Nərimanov adına Sənaye texnikumunda, 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun alman dili şöbəsində təhsil alan Ələsgər Məmmədov, 1941-ci ilin iyul ayında Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilib və 1944-cü ildə Moskva Şərqşünaslıq Universitetinin ərəb dili üzrə hərbi şöbəsini bitirib. 1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində referent kimi əmək fəaliyyətinə başlayıb. 1945-1946-cı illərdə yüksək savadlı alman dili mütəxəssisi olaraq Nürnberq prosesində tərcüməçi kimi fəaliyyət göstərib. E.Babayev vurğulayıb ki, 1947-ci ildən ömrünün sonlarına qədər taleyini Bakı Dövlət Universitetinə bağlayan Ələsgər Məmmədov 1957-ci ildə ərəb dili və ədəbiyyatı şöbəsinin açılması ilə ərəbşünaslıq məktəbinin əsasını qoyub. Bu böyük alimin yetirmələri elm, təhsil, diplomatiya, tərcüməçilik sahələrindəki nailiyyətləri ilə ilə ərəbşünaslıq məktəbinin möhkəm təmələ əsaslandığını sübut ediblər.
Ələsgər Məmmədovun ərəb, fars, alman, ingilis, fransız, rus dillərini mükəmməl bildiyini vurğulayan rektor onun ərəb dilini öyrətmək metodunu qeyri-adi bacarıq adlandırıb və bu dilin tədrisinə gətirdiyi yenilikdən danışıb.
İclasda professor Ələsgər Məmmədovun həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov “Azərbaycanda müasir ərəbşünaslığın banisi” mövzusunda məruzə ilə çıxış edib. Ələsgər Məmmədovun onlarla elmi məqalənin, orta və ali məktəblər üçün Azərbaycan və rus dillərində yazılmış 30-dan çox ərəb dili dərsliyinin müəllifi olduğunu deyən E.Əzizov elmi və metodoloji cəhətdən yüksək səviyyəyə malik olan bu dərsliklərdən nəinki Azərbaycanda, eyni zamanda, Dağıstan, Tatarstan, Orta Asiya respublikaları və digər şərqşünaslıq mərkəzlərində istifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bir pedaqoq kimi Ələsgər Məmmədov əvəzsiz idi. O, dərs prosesində bu çətin dili öyrədərkən ciddi tələbkarlığı ilə yanaşı, incə yumoru ilə tələbələrində zehni yüngüllük yaradardı.
AMEA-nın Milli Azərbaycan Taqrixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Unudulmz pedaqoq” adlı məruzəsində Ələsgər müəllimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, 1957-ci ildə açılmış ərəb şöbəsində Ələsgər müəllimin bilavasitə özünün dərs dediyi və sonralar onun dərslikləri sayəsində bu çətin dili mənimsəyən məzunlar arasından şərqşünaslığın müxtəlif sahələrində onlarla tanınmış fəlsəfə və elmlər doktorları, AMEA-nın həqiqi və müxbir üzvləri yetişiblər. Ələsgər müəllim nadir mütəxəssis, əvəzsiz pedaqoq, nəcib insan, ərəbşünas alimlərin yetişməsinin əsil səbəbkarı, parlaq günəşi idi.
Tədbirdə BDU-nun Ərəb filologiyası kafedrasının professoru Aida Qasımovanın “İmruu-l-Qeysin bir qitəsində əfsanə, tarix və Azərbaycanla səsləşən məqam” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov, akademik Nərgiz Axundova, ssenarist Rəfiqə Məsud alimlə bağlı xatirələrini bölüşüblər.
Ailəsi adından çıxış edən alimin qızı Şərafət Məmmədova atasının Bakı Dövlət Universitetini evi qədər sevdiyini söyləyib, xatirəsinə göstərilən hörmət və ehtirama görə Universitet rəhbərliyinə, uzun illər çalışdığı Şərqşünaslıq fakültəsinə təşəkkürünü bildirib.
Konfrans öz işini “Ərəb dilçiliyi”, “Fars dilçiliyi”, “Türk dilçiliyi”, “Ərəb ədəbiyyatı”, “Fars ədəbiyyatı”, “Türk ədəbiyyatı”, “Uzaq şərq dilçiliyi və ədəbiyyatşünaslığı”, “Tarix və beynəlxalq münasibətlər”, “Sosial elmlər” adlı bölmə iclasları ilə davam etdirib.
Konfrans iki gün davam etmiş və ümumilikdə 134 məruzə dinlənilmişdir.
![]() |
13 may 2019 -cu il tarixində Şərqşünaslıq fakültəsinin dekanlığı və İran filologiyası kafedrasının birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi ilə bağlı “Şərqşünaslıq fakültəsinin görkəmli alimləri” seriyasından professor Həsən Şıxmahmud oğlu Mahmudovun elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş elmi-praktiki sessiya təşkil olunub. Tədbirdə dekan professor Elxan Əzizov və İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov tanınmış alimin həyat və elmi fəaliyyətinə dair məruzələrlə çıxış ediblər. Elmi-praktiki sessiyada 1960-70-ci illərdə 13 il dekan vəzifəsində Şərqşünaslıq fakültəsinə ləyaqətlə başçılıq etmiş Həsən Mahmudov haqqında onu tanıyanlar, dostları, müəllim həmkarları və tələbələri ən xoş sözləri dilə gətiriblər. Milli Azərbaycan Tarixi Muzeyi “Numizmatika və epiqrafika” şöbəsinin müdiri, professor Əli Rəcəbli, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fərzəliyev, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Komparativistika və bədii tərcümə” şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov və başqalarının alim haqqında unudulmaz və kövrək xatirələri dinlənilib. Görkəmli iranşünasın yüksək insani keyfiyyətlərə malik olması, alim və pedaqoq kimi nüfuzunun ölkə hüdudlarını aşması natiqlər tərəfindən xüsusi vurğulanıb. Professor Həsən Mahmudovun elmi-pedaqoji və idarəçilik fəaliyyətini əks etdirən film-slayd nümayiş olunub.
Elmi-praktiki sessiyanın sonunda görkəmli alimin qızı, İran filologiyası kafedrasının dosenti Leyla Mahmudova ailəsi adından tədbirin yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə edib və təşkilatçılara dərin minnətdarlığını bildirib.
- 8 may 2015- ci il tarixində Ümummilli lider Heydər Əliyevin 92 illiyinə həsr edilmiş Şərqşünaslıq fakültəsinin gənc alim və magistrantların "Şərq filologiyası məsələləri" mövzusunda elmi konfransı keçirilmişdir. Konfransın təşkilat komitəsi fakültə dekanı dosent E.Z.Əzizov, Ərəb filologiyası kafedrasının müdiri akademik V.M.Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri professor M.D.Kazımov, Türk filologiyası kafedrasının müdiri professor R.Ə.Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dosent O.B.Cəlilbəyli, fakültənin Elmi İşlər üzrə dekan müavini A.H.Yəhyayevdən ibarət olmuşdur.
Konfransda Ərəb filologiyası kafedrasının dosentləri G.Mahmudova, K.Məmmədova, G.Qasimova, Türk filologiyası kafedrasının dosentləri Ş.Qədimova, A.Xəndan, H.Sadiqov, habelə Ərəb filologiyası,İran filologiyası, Türk filologiyası və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedralarının 24 magistri Yaxın Şərqin aktual məsələləri ilə bağlı maraqlı çıxışlarla iştirak etmişlər.
- 1may 2015 -ci il tarixində BDU- nun Şərqşünaslıq fakültəsində fakültə rəhbərliyi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Yaxın Şərq bu gün" mövzusunda elmi - praktiki konfrans keçirilimişdir. İclası giriş sözü ilə fakültənin dekanı E.Z.Əzizov açaraq Yaxın Şərq dövlətlərində mövcud siyasi - iqtisadi vəziyyət haqqında ümumi məlumat verərək konfrans iştirakçılarını salamlamış və onlara konfransın işində müvəffəqiyyət diləmişdir.
"Yaxın Şərq bu gün" mövzusunda elmi - praktiki konfransda Ərəb filologiyası şöbəsinin tələbələri N.İsmayılov, A.Əliyev, F.Sahibi, E.Vəlizadə, C.Nəsirov, S.Hüseynova, İran filologiyası şöbəsinin tələbələri Ş.Yusiflı, M.Əsgərova, E. Zeynalov , K. Heydərov, Türk filologiyası şöbəsinin tələbəsi N. Xudiyeva və digərləri maraqlı məruzələrlə cıxış etmişlər.
Sonda Elmi - Praktiki konfransın işini bağlı elan edən Şərqşünaslıq fakültəsinin bakalavriat üzrə dekan müavini Cavanşir Məmmədzadə konfrans iştirakçıları, fakültə TEC- in sədri Heybət Heybətova, habelə fakültənin professor - müəllim heyətinə gələcək işlərində müvəffəqiyyət diləmiş və adı çəkilən tədbirlərin fakültənin elmi - mədəni həyatında əlamətdar hadisə olduğunun vurğulamışdır.
- Şərqşünaslıq fakültəsinin 80 illiyinə həsr edilmiş elmi konfrans – 2003-cü il.
- Professor V.Məmmədəliyevin 60 illik yubileyinə həsr edilmiş elmi konfrans – 2002-ci il;
- Professor M.Əlizadənin 90 illik yubileyinə həsr edilmiş elmi konfrans – 1999-cu il;
Bunlardan əlavə hər il gənc alimlərin və magistrantların elmi konfransları keçirilir, tezislər nəşr edilir.
